Elnarə Nağdəliyeva

Yusubova Elnarə Cəbrayıl qızı 22 fevral 1974-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1991-ci ildə Ə. Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Musiqili teatr aktyorluğu» fakultəsinə daxil olmuşdur. 1996-cı ildə təyinatla Azərbaycan Dövlət Musiqili Komediya Teatrına xor artisti vəzifəsinə qəbul olunmuşdur. 2002-ci ildə solist-vokalist vəzifəsinə təyin edilmişdir. Teatrda işlədiyi müddət ərzində müxtəlif tamaşalarda iştirak etmişdir. S. Ələsgərov «Hərənin öz ulduzu»nda Kəndçi qız, S. Fərəcov, Ə. Əmirli «Səhnədə məhəbbət»də Afa, O. Rəcəbov, A. Babayev «Əlin cibində olsun»da Əsmər, O. Rəcəbov, A. Babayev «Şeytanın yubileyi»ndə Ceyran, O. Kazimi, R. Heydər «Qızıl toy»da Əcnəbi qız, C. Quliyev «Eşitmədik bilmədik»də Həyasız qadın, C. Quliyev «İtkin ər»də Sıcaq, E. Sabitoğlu, T. Vəliyeva «Bankir adaxlı»da Gülbikə, R. Əkbər «Bəydullanın möhtəşəm toyu»nda Qiyamət, R. Mirişli, M. Haqverdiyev "Qısqanc ürəklər”də Zema, S. Ələsgərov, İ. Məlikzadə "Kələkbazlar”da Çiçək, R. Hacıyev "Talelər qovuşanda”da Gülər, C. Quliyev, Ə. Əmirli "Yeddi məhbusə anası”nda Qüdrət kimi obrazları özünəməxsus ustalıqla oynamışdır. 1995-ci ildən A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktrisa kimi fəaliyyət göstərməyə başlamışdır. Bir sıra tamaşalarda iştirak etmişdir. Bunlardan «Dəli domrul»da Xatun, Əzrail, «Parisi dağıdanlar»da Aytən, Şərəfnisə, «Damdabaca»da Aytən, «Tıq-tıq xanım»da Badam nənə kimi rolların adını çəkmək olar. 1999-cu ildə Azərbaycan Teatr Xadimləri İttifaqının keçirdiyi «Dədəm-Qorqud bədii qiraət» müsabiqəsində mükafata layiq görülmüşdür.