Əhəd Hacıyev

Əhəd Ağahüseyn oğlu Hacıyev 1976-cı il noyabrın 28-də Bakı şəhərində anadan olmuşdur. 1997-2001-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Aktyor və rejissor sənəti" fakültəsində "Dram rejissoru” ixtisası üzrə bakalavr, 2001-2003-cü illərdə isə həmin ixtisas üzrə magistr təhsili almışdır. Tələbə ikən Nodar Dumbadzenin "Ağ bayraqlar”, Molyerin "Meşşanın zadəganlığı” və Süleyman Rüstəmin "Çimnaz xanım yuxudadır” əsərlərini tamaşaya qoymuşdur. Hələ universitetdə oxuyarkən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına rejissor assistenti vəzifəsinə qəbul olunmuşdur (1998). İşlədiyi müddətdə C.Məmmədov və O.Kazıminin "Dəli dünya” (rejissor F.Zöhrabov), R.Səməndərin "Gülmək qadağandır” (rejissor Y.Əkbərov), A.Qüdrət və R.Mustafayevin "Volqalı canan” (rejissor F.Zöhrabov), C.Məmmədov və R.Mustafayevin "Məsmə xala dayımdır” (rejissor Ə.Ziyadxanov) musiqili komediyalarında rejissor assistenti, A.Şaiq və R.Şəfəqin "Bir saatlıq xəlifə” (rejissor Ə.Ziyadxanov), R.Əkbərin "Bəydullanın möhtəşəm toyu” (rejissor F.Zöhrabov), Anar və V.Adıgözəlovun "Aldın payını, çağır dayıni” (rejissor F. Zöhrabov) əsərlərində ikinci rejissor kimi fəaliyyət göstərmişdir. Teatrın bir neçə tamaşasında həm də müxtəlif rolların ifaçısı olan Əhəd Hacıyev 2003-cü ildən fəaliyyətini rejissor kimi davam etdirir. İ.Məlikzadə və S.Ələskərovun "Kələkbazlar” (2007), E.Sabitoğlu və C.Məmmədovun "www.Fərzəlikef.com” (2012) musiqili komediyalarına, A.Kurdlyanskiy və A.Xaytın "Bir dayan, canavar!” (2006), R.Heydər və O.Zülfüqarovun “Dəcəl çəpişlər” (2015), Ə.Səmədlinin “Meşə çaqqalsız olmaz” (2016), Rus xalq nağılının motivləri əsasında “Qoğalın macəraları” (2018), Ə.Əlizadə, R.Sef və T.Karelinanın “İki küpəgirən qarı” (2024) uşaq tamaşalarına quruluş vermişdir. O, Musiqili Teatrın repertuarında özünəməxsus yeri olan Ü.Hacıbəylinin "Arşın mal alan” tamaşasının (quruluşçu rejissor Elvin Mirzəyev) bərpaçı rejissorudur.