Əsgər Əsgərov

Əsgər Əkbər oğlu Əsgərov 19 iyun 1961-ci il tarixində Naxçıvan şəhərində anadan olub. 1979-1983-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram və kino aktyorluğu” fakültəsində təhsil alıb. Universiteti bitirdikdən sonra 1983-cü ildə Naxçıvan Dövlət Musiqili Dram Teatrında işə qəbul olmuş və rejissor, daha sonra baş rejissor vəzifəsində çalışmışdır. Orada çalışdığı müddətdə Ü.Hacıbəylinin “Arşın mal alan”, “Məşədi İbad”, “Ordan burdan”, N.Hikmətin “Qəribə adam”, C.Cabbarlının “Aydın”, H.Fətullayevin “Əlincədən uçan qartal”, İ.Səfərlinin “Xeyir və şər”, E.Olibinin “Zoopark əhvalatı”, R.Səməndərin “Şəhidlər”, G.Xuqayevin “Arvadımın əri”, H.Cavidin yubiley tamaşalarına quruluş verib.

1996-cı ildə Akademik Milli Dram Teatrına dəvət olunmuş və rejissor kimi fəaliyyətini burada davam etdirmişdir. Ə.Əsgərov işlədiyi müddətdə V.Rozov “Şadlıq sorağında”, N.Xəzri “Burla xatun”, K.Abdulla “Hərdən mənə mələk də deyirlər...”, J.B.Molyer “Skapenin kələkləri” tamaşalarına quruluş verib. Eyni zamanda Mədəniyyət Nazirliyinin rəhbərliyi və təşkilatçılığı ilə Ə.Haqverdiyev, S.Ruhulla, Ə.Ələkbərov, M.S.Ordubadi, A.Bakıxanov, N.Xəzri, Ə.Məmmədxanlı, Ə.Əliyev kimi tanınmış şəxsiyyətlərin yubiley tədbirləri və bir çox şəhər, habelə respublika səviyyəsində keçirilən dövlət tədbirləri Əsgər Əsgərovun quruluşunda ərsəyə gəlmişdir.

Əsgər Əsgərov 2008-ci ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında quruluşçu rejissor vəzifəsində çalışır. Bu dövr ərzində o, “Skapenin kələkləri” (J.B.Molyer), “Fransızsayağı qarnir” (M.Kamoletti), “Molla Nəsrəddinin beş arvadı” (İ.Sadıqov), “Toya bir gün qalmış” (Ə.Səmədli) “Bir dəfə Bağdadda” (E.Sabitoğlu, V.Kolmanovski), “Beş manatlıq gəlin” (S.Rüstəmov, M.S.Ordubadi) tamaşalarına quruluş vermişdir.