Rəsmiyyə Nurməmmədova

Nurməmmədova Rəsmiyyə Hacı qızı 1965-ci ildə Zaqatala rayonunda anadan olmuşdur. 1984-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Musiqili komediya» şöbəsini bitirmişdir. 1989-cu ildən H. Bağırovun «Tənqid-təbliğ» Teatrında işləmişdir. Orada işlədiyi müddətdə «Hələlik», «Şirinlik», «Məhəbbət oyunu», «Uca dağ başında» kimi tamaşalarda özünəməxsus rollar oynamışdır. R. Nurməmmədova bir çox konsert proqramlarında, cəbhə bölgələrində yaxından iştirak edib. 1996-cı ildə Ş. Qurbanov adına Musiqili Komediya Teatrına «Solist- vokalist» vəzifəsinə təyin olunub. Teatrda işlədiyi müddətdə R. Şəfəq, A. Şaiq «Bir saatlıq xəlifəlik» tamaşasında Minurə, O. Rəcəbov, A. Babayev «Əlin cibində olsun»da Lalə, S. Ələsgərov, İ. Məlikzadə «Subaylarınızdan görəsiniz»də Qəndab, Çiçək, S. Ələsgərov, İ. Məlikzadə «Hərənin öz ulduzu»nda Ceyran, O. Kazimov, F. Məmmədov «Dəli dünya»da Nəzifə, E. Sabitoğlu, R. Əhmədzadə «Hələlik»də Fənarə, S. Fərəcov, Ə. Əmirli «Səhnədə məhəbbət»də Afa, R. Əkbər «Bəydullanın möhtəşəm toyu»nda Nilufər, O. Rəcəbov, A. Babayev«Şeytanın yubileyi»ndə Camyiə, R. Şəfəq, R. Heydər «Baş tutmayan hiylə»də dovşan, E. Sabitoğlu, Y. Şvarts «Qırmızı papaq»da tülkü, O. Rəcəbov, R. Heydər «Şəngülüm, Şüngülüm, Məngülüm»də tülkü, C. Quliyev, Q. Rəsulov "Məhəbbət oyunu”nda Ceyran, R. Mirişli, M. Haqverdiyev "Qısqanc ürəklər”də Leyla, C. Quliyev, Ə. Əmirli "Yeddi məhbusə anası”nda Şöhrət, Ərəbi Zəngi, F. Sücəddinov, T. Vəliyeva "Mən dəyərəm min cavana”da Sevda, S. Fərəcov, Ə. Nesin "Şəhərdə manyak var”da Diktor, E. Sabitoğlu, T. Vəliyeva "Bankir adaxlı”da Zaurun bacısı, İ. Kalman "İdialı qaraçı”da Qrafinya İrini kimi rollarını ifa etmişdir.