Zaur Əliyev

Əliyev Zaur Mübariz oğlu 1991-ci ilin 21 yanvarında Bakıda anadan olub. 1998-2009-cu illərdə Bakı şəhəri Nizami rayonu 109 saylı orta məktəbdə oxuyub. 2009-2011-ci illərdə ordu sıralarında xidmət edib. 2011-2015-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rejissorluq” fakültəsində təhsil alıb. 2012-ci ildə Bakı şəhəri Mədəniyyət İdarəsinin nəzdində “Bakı Folklor Teatrı”nda əmək fəaliyyətinə başlayıb.

2013-cü ildən isə Əməkdar incəsənət xadimi Əliqismət Lalayevin dəvəti ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında çalışmağa başlayıb. Universitetdə təhsil aldığı zaman 2015-ci ildə YUĞ teatrında “Sürəyya” adlı diplom tamaşasını səhnələşdirib. Zaur Əliyev Akademik Musiqili Teatrın səhnəsində Pen (“Piter Pen və Vendi” C.Barri, Qrimm qardaşları, səhnələşdirəni A.Sadıqov), Cırtdan (“Cırtdanın sərgüzəştləri” Azərbaycan xalq nağılı “Cırtdan”ın motivləri əsasında), Buratino (“Buratino”A.Rıbnikov, A.Tolstoy, tərc. N.Kazımov), Keşişin köməkçisi (“Paris Notr-Dama ithaf” – V.Hüqo, səhn. S.Qulamov), Ağacdələn (“Meşə çaqqalsız olmaz”– Ə.Səmədli), Xidmətçi (“Psix” – M.Servantes), Mirhəmid (“Bəxtiyar” – T.Quliyev, B.Laskin, N.Rojkov), Məhəmmədəli (“Anamın kitabı”– C.Məmmədquluzadə), Oğlan (“Sehrli nəğmə” – A.Morozov) obrazlarını canlandırıb.

O, həmçinin Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində “Nadir şah”, “Banan qabığı”, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Madaqaskar” və “Mauqli”, DTX Mədəniyyət Mərkəzində “Novbahar” tamaşalarında bir sıra rollar ifa edib.

Teatr tamaşaları ilə yanaşı bir sıra film və seriallarda da müxtəlif obrazlar yaradıb, belə ki, “Hoqqa” filmində meymun (2016), “Şərab” filmində dost (2018), “Ata ocağı” serialında Elçin obrazını canlandırıb.

Zaur Əliyevin “44” adlı tamaşası 2021-ci ildə “4.4 Qısa Tamaşalar Festivalında” II yerə layiq görülüb. Həmçinin müharibə mövusu ilə əlaqədar çəkdiyi “İşıq adam” Mədəniyyət Nazirliyi tərəfindən ən yaxşı videoçarx olaraq seçilib. Azərbaycan Film Akademiyasında nitq məhdudiyyətli gənclərlə “Səssizlik” adlı pantomimik tamaşa hazırlayıb. O, həmçinin Akademik Musiqili Teatrda rejissor və rejissor assistenti olaraq bir sıra tamaşaların hazırlanmasında iştrak edir.