Nicat Əli

Nicat Əli oğlu Həbibov 1989-cu ildə Bakı şəhərində anadan olub. 2002-ci ildə 25 saylı musiqi məktəbinin Tar sinifinə daxil olub. 2005-ci ildə Azərbaycan Dövlət Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin Tar sinfinə daxil olub. 2009-cu ildə oranı fərqlənmə diplomu ilə bitirib. Həmin il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Aktyor sənəti” fakültəsinin “Musiqili teatr aktyoru” ixtisasına daxil olub. 2013-cü ildə Bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib. Həmin ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Aktyor sənəti” fakültəsinin “Aktyor ifaçılığının tarixi və nəzəriyyəsi” ixtisası üzrə magistraturasına qiyabi qəbul olub və 2016-cı ildə oranı bitirib.

 Universitetdə oxuduğu müddətdə bir çox bədii film və seriallara çəkilib.          Onun yaratdığı obrazlar - “Sübhün səfiri” bədii filmində Mirzə Fətəli Axundzadə (2011), “Üçüncü günün adamı” bədii filmində erməni leytenant (2016), “Bakı gecələri” (2015), “Ən adi soyad”  bədii filmində Çingiz (2012), “Sirr” serialında Rövşən (2011) “Döngələr” çox serialı bədii televiziya filmində Etibar (2011-2012), “Son hədd” serialında Rafiq (2012), “Zengin kız fakir oğlan” serialında həkim Ramin bəy (Türkiyə, 2013-2014), “İmtahan” serialında Pərviz (I, II və III mövsüm, 2017–2019) tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

2011-2013-cü illərdə “Simsar Plastik Dram” teatr studiyasında çalışıb (Teatrrın bədii rəhbəri, Xalq Artisti Pərviz Məmmədrzayev). “Simsar Plastik Dram” teatr studiyasında “Mənim”, “Müdaxilə”, “Diz və musiqiçi”, “Qladiator döyüşləri”, Şah İsmayıl Xətai” tamaşalarında müxtəlif obrazlar ifa edib.

2014-cü ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında artist-vokalist kimi çalışır. Nicat Əli Akademik Musiqili Teatrın səhnəsində bir-birindən müxtəlif obrazlar canlandırıb. O, teatrın səhnəsində Şahzadə Uilli və Kral (“Yatmış gözəl” Ş.Pero, səhnələşdirəni A.Sadıqov), Arif (“Qafqazlı qardaş qızı” R.Hacıyev), Maruf (“999-cu gecə” “1001 gecə” nağıllarının motivləri və F.Əmirovun musiqiləri əsasında), Ronsdorf (“Silva” İ.Kalman), Heydər bəy (“Hacı Qara” M.F.Axundzadə), Ceyçik (Ceyhun Hacıbəylinin oğlu) (“Nuri-didə Ceyhun” Ə.Əmirli), Bəhram (“Bir dəfə Bağdadda” E.Sabitoğlu, V.Kolmanovski), Dərviş (“Balaca Şahzadə” Ruslan Ağababayev, A.Ekzüperi), Kvazimodo (“Paris Notr-Dama ithaf” V.Hüqo, səhnələşdirən S.Qulamov), Sanço Pansa (“Psix” M.Servantes) rollarını ifa edib.

Nicat Əli  2021-ci ilin mart ayında 31 Mart Soyqırımı Gününə həsr olunmuş "Sündü" (ssenari müəllifi və rej.S.Qulamov) qısametrajlı bədii filminə çəkilmişdir. Xocalı soyqırımı qurbanlarının xatirəsinə ithaf olunan “Əsirlikdən qayıdan lampa” qısametrajlı filmində Qalib əsgər (ssenari müəllifi və quruluşçu rejissor S.Qulamov), həmçinin 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş videoçarxda (rejissor        Ər-Toğrul) Azərbaycan əsgəri obrazlarını canlandırıb.

Eyni zamanda 2021-ci ildə rejissor Nicat Kazımovun quruluş verdiyi “Kölgə” tamaşasında (E.Şvarts)  Sezar Borcia obrazını canlandırıb.