Emin Əliyev

Emin Eldar oğlu Əliyev 5 may 1978-ci ildə Bakı şəhərində anadan olub. O, Bakı Xoreoqrafiya Akademiyasının (1990-2001-ci illər) məzunudur.

1996-ci ildən 2015-ci ilə qədər Azərbaycan Dövlət Rəqs Ansamblının solisti olub. 2004-cü ildə Xalq artisti Polad Bülbüloğlunun "Eşq və ölüm” baletində Nuri obrazı ilə daha çox tanınıb və bu obrazla Azərbaycanın müxtəlif mədəniyyət ocaqlarında və Rusiyanın Böyük Teatrında, Sankt Peterburqun Marinski Teatrında çıxış edib. 2004-2006-cı illərdə Türkiyənin "Anadolu Atəşi" və 2017-ci ildə "Royal” rəqs ansambllarına dəvət alıb, bir müddət orada fəaliyyət göstərib, müxtəlif rəqs və balet tamaşalarına quruluş verib. Dünyanın 50-dən çox ölkəsində keçirilən beynəlxalq tədbirlərdə iştirak edib. 2008-ci ildə ölkə başçısının sərəncamı ilə "Əməkdar artist” fəxri adına layiq görülüb. 2012-ci ildən istedadlı rəqqas və xoreoqraf kimi Rusiyanın bir çox şəhərlərində müxtəlif mədəni tədbirlər və festivallar çərçivəsində quruluş verdiyi balet kompozisiyalarını uğurla nümayiş etdirib, həm ölkəmizin, həm də dünyanın müxtəlif şəhərlərində ustad dərsləri verib. Xoreqrafiya Akademiyasının 90 illik yubileyi ilə əlaqədar maestro Niyazinin "Rast” simfonik muğamı və "Kitabi-Dədə Qorqud" dastanının motivləri əsasında "Dəryadan damla" balet-tamaşasına quruluş verib.

Emin Əliyev 2019-cu ildə Azərbaycan Dövlət Akademik Musiqili Teatrına  balet artisti vəzifəsinə qəbul olunub. Həmin ilin iyul ayında Akademik Musiqili Teatrın yaradıcı heyəti ilə birlikdə Türkiyənin Bayburt şəhərində keçirilən ənənəvi "Dədə Qorqud" festivalında uğurla çıxış edib. Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti, beynəlxalq festivallar laureatı, Əməkdar artist Emin Əliyev "Nəsimi” promo-rolikinə görə "İmedia Group”un təsis etdiyi "Şəms" Milli Mükafatına layiq görülüb. O, "Paris Notr-Dama ithaf" (V.Hüqo", rej. S.Qulamov) tamaşasında solist kimi iştirak edir.

Şanlı ordumuzun döyüş meydanında qazandığı parlaq qələbələr Emin Əliyevin yaradıcılığına da öz töfhəsini verdi. Onun quruluşçu baletmeysteri və ifaçısı olduğu "Qalib əsgər" layihəsi istər televiziya tamaşaçıları, istərsə də sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılandı. Bundan başqa E.Əliyev "Sarı gəlin" kompozisiyasının quruluşçu baletmeysteri və ifaçısıdır. Emin Əliyev Akademik Musiqili Teatrın Nizami ilinə həsr etdiyi “Nizami – 880” balet-kompozisiyasının xoreoqrafı və Nizami Gəncəvi obrazının iştirakçısı olub. Əməkdar artist Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə Nizami irsinə verdiyi yaradıcılıq töhfəsinə görə “Nizami Gəncəvinin 880 illiyi (1141 – 2021)” xatirə nişanı ilə təltif olunub.

Emin Əliyev 2020-ci ildə Akademik Musiqili Teatrın balet truppasının quruluşçu baletmeysteri, 2022-ci ildən isə baş baletmeysteri təyin olunmuşdur.