Nabat Səmədova

Nabat Məhərrəm qızı Səmədova 1950-ci ildə Qazax şəhərində anadan olub. 1974-cü ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib.
1975-ci ildə Lənkəran Dövlət Dram Teatrında quruluşçu rəssam kimi fəaliyyətə başlayıb.
1979—80-cı illərdə Mədəniyyət Nazirliyinin əmri ilə Moskvada Ümumittifaq İxtisasartırma kurslarında iştirak edib və quruluşçu rəssam ixtisasına yiyələnib.
O, 1980-cı ildə yenidən Lənkəran Dövlət Dram Teatrına qayıdıb və bir il sonra həmin teatrın baş rəssamı təyin olunub.
Orada işlədiyi müddət ərzində səhnəyə qoyulan "Oqtay Eloğlu", "Dağılan tifaq", "Bahalı oğlan", "Soldat Şveynin macəraları", "Qəribə doktor", "Yaşıl qapı arxasında qadın", "İki ağanın bir nökəri", Amerikalı oğlan", "Budapeştli Juja", "Dörd əkiz haqqında nağıl", "Topal Teymur", "Məhv olmuş gündəliklər", "Tufan", "Bonka", "Müsibəti Fəxrəddin", "Qanlı toy" və s. tamaşaların quruluşçu rəssamı olub.
Nabat xanım 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına baş rəssam təyin edilib.
Bu teatrda "Cahargah fantaziyası", "Afət", "İtirilmiş məktub", "13-cü sədr", "Beş mərtəbəli evin altıncı mərtəbəsi", "Oqtay Eloğlu", "Kleopatra", "Dəyirman", "Müsyo Jordan və Dərviş Məstəli şah", "Şəhərdə manyak var" və s. əsərlərə uğurlu tərtibatlar verib.
Adlarını sadaladığımız teatrlardan əlavə, o, Bakı Bələdiyyə Teatrında "Dönüş", Gəncə Dövlət Dram Teatrında "Atabəylər", Azərbaycan Dövlət İrəvan Dram Teatrında "Poçt əhvalatı" və "Əsgər anası" tamaşalarının da quruluşçu rəssamı olub.
1999-ci ildən yaradıcılığını Azərbaycan Dövlət Akademik Musiqili Teatrına həsr edən rəssamın saysız əsərləri bu gün də səhnənin bəzəyidir.
"Əlin cibində olsun", "Amerikalı kürəkən", "Molla Nəsrəddinin beş arvadı", "Məsmə xala dayımdır",
"Səhnədə məhəbbət", "Matəm marşı", "Bir günlük siğə", "Arşın mal alan” ,"Evlənmə", "İtkin ər", "Xoşbəxt ailə oyunu oynayırıq və ya fransizsayağı qarnir”, "Toya bir gün qalmış", "www.ferzeli-kef.com" ("On minlik kef"), "Kimdir müqəssir?”, "999-cu gecə", "Adamın adamı", "Əliqulu bu gün evlənir" tamaşalarının da quruluşçu rəssamıdır.
Rəssamın tərtibat verdiyi filmlər sırasına "Abbas və Gülgəz", "Koroğlu" dastanları, "Ünvansız qız", "Kişiləri qoruyun!", "Hərənin öz payı, öz tayı", "Qaz", "Bəylik dərsi", "Qağayı", "Toy gecəsi" daxildir.
Nabat xanım Azərbaycan Dövlət Televiziyasının layihələrində uğurla iştirak edərək ölkəmizin dahi mütəfəkkirləri —Məhəmməd Füzuli, Qüdsi (Abbasqulu Ağa Bakıxanov), Mirzə Fətəli Axundov haqqında çəkilmiş filmlərə özünəməxsus tərtibatlar verib.
27 may 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə "Əməkdar rəssam" fəxri adına layiq görülüb. Teatr sahəsində göstərdiyi səmərəli fəaliyyətə görə də dəfələrlə Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və çalışdığı teatrların rəhbərlikləri tərəfindən mükafatlandırılıb.
Ümumən, 50 illik iş stajına malik olan rəssam 70-dan artıq teatr tamaşasının, 15 televiziya filminin quruluşçu-rəssamı olub.