Kamilə Əliyeva

Əliyeva Kamilə Nizami qızı 29 mart 1978-ci ildə Bakı şəhərində anadan olub. 1985-1988-ci illərdə Bakı şəhəri 27 saylı orta məktəbdə təhsil alıb, 1988-ci ildə Bakı Xoreoqrafiya Məktəbinə (indiki Bakı Xoreoqrafiya Akademiyasına) daxil olub, 1996-cı ildə oranı Ansambl artisti ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Həmin il ali təhsil pilləsinin bakalavr səviyyəsi üzrə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə daxil olub. 2000-ci ildə oranı Teatr kollektivi rejissoru ixtisası üzrə biritib. 2016-2018-ci illərdə Rusiya Federasiyasının Moskva Dövlət Mədəniyyət İnstitutunda "Xoreoqrafiya sənəti" fakültəsinin Klassik balet müəllimliyi ixtisası üzrə magistr təhsili alıb, oranı da fərqlənmə diplomu ilə bitirib. 
1996-2016-cı illərdə Azərbaycan Dövlət Rəqs Ansamblının artisti, rəqqasə və solisti kimi çalışmaqla bərabər, 1996-cı ildən etibarən Bakı Xoreoqrafiya Məktəbində xalq səhnə rəqsi fənni üzrə müəllim vəzifəsinə qəbul olunub, pedaqoji fəaliyyətə başlayıb. 2016-cı ildən etibarən Bakı Xoreoqrafiya Akademiyası tam orta məktəbinin xüsusi fənlər üzrə direktor müavini vəzifəsində çalışır. 
Azərbaycan Dövlət Rəqs Ansamblının solisti olarkən Yaponiya, Çin, Almaniya, İordaniya, Fransa, Türkiyə, Rusiya, Qətər, Danimarka və digər xarici ölkələrdə qastrol və yaradıcılıq safərlərində olub və ölkəmizin  mədəniyyətini təmsil edib.
Fəaliyyəti dövründə bir çox müsabiqə və festivalların laureatı olub. 2016-cı ildə tələbələrindən ibarət rəqs kollektivi Qəmər Almaszadə adına Klassik və Milli Rəqs üzrə 1-ci Beynəlxalq Müsabiqədə 2-ci yerin qalibi olub.
2016-2019-cu illər ərzində Moskva Dövlət Mədəniyyət İnstitutunda və Azərbaycan Respublikasının regionlarında ustad dərslər keçib, bir çox yaradıcılıq kollektivləri üçün bir neçə rəqsə, o cümlədən Qavalla rəqs, Qaytağı rəqsi, 2019-cu ildə isə Azərbaycan Respublikasının Əməkdar artisti Emin Əliyevlə birgə Bakı Xoreoqrafiya Akademiyası tam orta məktəb şagirdlərinin iştirakı ilə "Dəryadan damla" balet-tamaşasına quruluş verib.