Nigar Şahmuradova
Şahmuradova Nigar Oqtay qızı 23 mart 1984-cü ildə Bakı şəhərində anadan olub. 1990-94-cü illərdə 141 saylı orta məktəbin ibtidai sinfində oxuyub. 1994-2002-ci illərdə Bakı Xoreoqrafiya Məktəbində balet artisti ixtisasına yiyələnib. Təhsil aldığı zamanda 2000-2002-ci illərdə Azərbaycan Dövlət Opera və Balet teatrında işləyib. 2002-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin Riyaziyyat-informatika ixtisasında təhsil alıb və 2006-cı ildə həmin universiteti bitirib.
2015-2019-cu illərdə Bakı Xoreoqrafiya Akademiyasında bakalavr pilləsində Xoreoqrafiya sənəti (baletmeyster) ixtisası üzrə təhsil alıb.
2019-2021-ci illərdə Bakı Xoreoqrafiya Akademiyasında magistr pilləsində Xoreoqrafiya sənətinin tarixi və nəzəriyyəsi ixtisasında təhsil alıb və fərqlənmə ilə bitirib.
2004-2006-cı illərdə "Cəngi" Estrada Folklor ansamblına yüksək dərəcəli artist vəzifəsində çalışıb.
2006-cı ildə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblına artist- rəqqasə vəzifəsinə qəbul olunub. Hazırda Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblında işləyir və çalışdığı müddətdə bir çox rəqslərdə solo ifa edib. Nigar Şahmuradova 2016-cı ildə Əməkdar artist adına layiq görülüb.
2019-cu ildən bu günə qədər Bakı Xoreoqrafiya Akademiyasında müəllim vəzifəsində çalışıb.
2022-ci ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında fəaliyyətə başlayıb, qısa vaxt çərçivəsində bir çox layihələrdə uğurla iştirak edib.