İradə Gözəlova

Gözəlova İradə Vaqif qızı 25 may 1982-ci ildə Bakıda anadan olub. 2000-2005-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr rejissoru" fakültəsində təhsil alıb. 2009-2011-ci illərdə Moskvada A.P.Çexov adına Moskva Bədai Teatrının nəzdində "Teatr rejissorluğu" üzrə magistraturanı bitirib, daha sonra Londonda “Royal Court” teatrında və Sankt-Peterburqda Rusiya Dövlət Akademik Dram Teatrında təcrübə keçib.

2000-2007-ci illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (aktyor), 2007-2009-cu illərdə “YUĞ” Teatrı (rejissor), 2014-2021-ci illərdə Azərbaycan Dövlət Gəncə Dram Teatrında (baş rejissor) çalışıb. 2022-ci ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında quruluşçu rejissordur. 2017-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif olunub. Həmin ildən 2020-ci ilə qədər və 2023-cü ildə Prezident Mükafatına layiq görülüb. İradə xanım istər Azərbaycan teatrları, istərsə də ölkəmizin hüdudlarından kənardakı teatrlarda bir çox tamaşalara quruluş verib.
Musiqili Teatrda “Kimdir müqəssir?” (Ə.Haqverdiyevin əsəri əsasında), “Mənim günahım” (İ.Əfəndiyevin əsəri əsasında), “999-cu gecə” (“1001 gecə” nağılı əsasında), “Lara Martin’s Jazz Club” (A.Ostrovskinin “Cehizsiz qız” pyesi əsasında), “Anamın kitabı” (Cəlil Məmmədquluzadənin əsəri əsasında, “Qadınım” (T.Cücənoğlunun əsəri əsasında) tamaşalarının quruluşçu rejissorudur.

Bir çox beynəlxalq müsabiqələrin qalibi olan istedadlı rejissor 2023-ildə Musiqili Teatrda keçirilən 2-ci 4.4 Beynəlxalq Teatr Festivalında da yaradıcılığı ilə xarici teatrşunasların diqqətini cəlb edib və “Anamın kitabı” tamaşasına görə mükafata layiq görülüb.