Gülcahan Salamova

Salamova Gülcahan Əhməd qızı 1963-cü il mart ayının 1-də Bakı şəhərində anadan olub. 1980-cı ildə Nərimanov rayonu 82 saylı orta məktəbi bitirib. 1988-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnistutunun «Musiqili komediya aktyorluğu» fakültəsini bitirib. Həmin ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında «solist - vokalist» vəzifəsində işləyib. Çalışdığı müddətdə Oqtay Kazımi, R.Heydər «Qızıl toy» tamaşasında Aygün, S.Rüstəmov, M.S.Ordubadi «5 manatlıq gəlin»də Naznaz, Səlbi, S.Ələsgərov, İ.Məlikzadə «Hərənin öz ulduz»nda Məleykə, R.Mustafayev, C.Məmmədov «Məsmə xala dayımdır»da Sənubər, S.Ələsgərov, Ş.Qurbanov «Milyonçunun dilənçi oğlu»nda Xanım, C.Quliyev, Ə.Əmirli «Yeddi məhbusə anası»nda Həcər, O.Rəcəbov, A.Babayev «Şeytanın yubileyi»ndə Şamiyə, E.Sabitoğlu, R.Əhmədzadə «Hələlik»də Qənirə, Ü.Hacıbəyli «Ər və arvad»da Gülpəri, E.Sabitoğlu, T.Vəliyeva «Bankir adaxlı»da Gülbikə, C.Quliyev, Q.Rəsulov «Məhəbbət oyunu»nda Qəmər, R.Mirişli, M.Haqverdiyev «Qısqanc ürəklər»də Zema, Ü.Hacıbəyli «O olmasın, bu olsun»da Gülnaz, E.Sabitoğlu, S.Rəhman «Hicran»da Hicran (ikinci qurluş 1993), S.Ələsgərov, Ş.Qurbanov «Özümüz bilərik»də Lalə, S.Ələsgərov, İ.Məlikzadə «Subaylarınızdan görəsiniz»də Qəndab, A.Əzimov, V.Səmədoğlu «Lotoreya»da Sona, V.Dolidze, A.Saqarelli «Xanuma»da Kabato, F.Allahverdi, Elçin  «Baladadşın toy hamamı»nda Anaxanım, S.Qulamov «Bir nəfəs qədər»də Gövhər, İ.Sadıqov (tərc. Dilsuz) «Molla Nəsrəddinin beş arvadı»nda Fatma, Ə.Səmədli «Toya bir gün qalmış»da Böyük qız və digər rolları ifa etmişdir. Eyni zamanda «Bağdada putyovka var...» (2000) filmində çəkilmişdir.

1995-ci ildə «Bəşir» teatrında fəaliyyət göstərmişdir. Çoxsaylı intermediya və səhnəciklərdə iştirak etmişdir. G.Salamova 1998-ci ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yaradıcılıq fəaliyyətini davam etdirir. 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin «Fəxri mədəniyyət işçisi» döş nişanı ilə təltif olunub.