Vüsal Rəhim
Vüsal Xəlil oğlu Rəhimov 20 dekabr 1987-ci ildə Gəncədə anadan olub. 1994-2005-ci illərdə Gəncə şəhəri 20 saylı orta ümumtəhsil məktəbində oxuyub. 2007-2011-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında "Teatr-dekor sənəti" ixtisası üzrə bakalavr təhsili alıb. 2011-ci ildən müstəqil yaradıcılıq fəaliyyətinə başlayan Vüsal Rəhimov elə həmin ildən həm də quruluşçu rəssam kimi ölkənin ayrı - ayrı teatrlarında onlarla tamaşanın quruluşçu rəssamı olub. Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində "Skapenin kələkləri" (J.B.Molyer), "Yatmış gözəl va cırtdanlar" (Ş.Pero), "Qızıl toy" (O.Kazımi, R.Heydər), "Cırtdanın Yeni il sərgüzəşləri" (Azərbaycan xalq nağılı "Cırtdan"ın motivləri əsasında), "Nuri-didə Ceyhun" (Ə.Əmirli), "Qızıl açar” və yaxud “Buratinonun macəraları" (A.Tolstoy, A.Rıbnikov), "Paris Notr-Dama ithaf" (V.Hüqo səhn. S.Qulamov), "Bir nəfəs qədər" (S.Qulamov), “Qadınım” (T.Cücənoğlu), “Leyli və Məcnun” (Ü.Hacıbəyli, M.Füzuli), “Lara Martin’s Jazz Club” (A.Ostrovski), “Anamın kitabı” (C.Məmmədquluzadə), “Psix” (M.Servantes), “Məchul pilləkən” (M.Abdullayev) kimi tamaşalara səhnə və geyim tərtibatı verib.
O, bədii tərtibat verdiyi bütün tamaşalarda əsərin rejissor tərəfindan düşünülən ideya istiqamətinin açılmasına, obrazların bədii təsvir vasitəsi ilə, dəqiqliklə yozulması məsələlərinə böyük önəm verir və bunu yaradıcılığında uğurla həyata keçirir.
Ümumilikdə 5 fərdi sərginin müəllifi olan gənc rəssam 100-ə yaxın yerli və beynəlxalq qrup sərgidə iştirak edib, 40-a yaxın sosial-mədəni layihənin meneceri, həmçinin 3 çoxserialı bədii filmin quruluşcu rəssamı olub. 2021 Oktyabr ayında isə Azərbaycan Dövlət Akademik Musiqili Teatrina Baş ressam təyin olunub.