Səidə Şərifəliyeva

Şərifəliyeva Səidə Vahid qızı 1981-ci il yanvarın 10-da Neftçala şəhərində anadan olub. 1998-ci ildə orta məktəbi fərqlənmə diplomu ilə bitirib.1999-cu ildə Bakı Musiqi Akademiyasının "Vokal” fakültəsinə - Xalq artisti, proffessor Xuraman Qasımovanın sinfində təhsil alıb. 2005-ci ildə Bakı Musiqi Akademiyasında assisent-təcrübəçi kimi çalışıb. 2007-ci ildə yüksək dərəcəli vokalist kimi "Opera və teatr solisti, vokal ustalığı” ixtisası üzrə ali məktəb müəllimi vəzifəsində çalışmaq hüququ əldə edib. O, 2002-2008-ci illərdə Azərbaycan Dövlət Xor Kopellasında işləyib. 2006-cı ildən ÜNS yaradıcılıq səhnəsinin solistidir. 2007-ci ildə Çexiyanın Karlovı-Varı şəhərində A.Dvorjak adına 42-ci Beynəlxalq vokal müsabiqəsində 1-ci yerə, elə həmin il Bakıda keçirilən Bülbül adına 4-cü Beynəlxalq vokal müsabiqəsində 2-ci yerə çıxıb. 2010-cu ildən Q.Vişnevskayanın Opera Mərkəzində (prof. Badri Maysuradzenin sinfi) təcrübədədir. 2014-cü ildən Azərbaycan Dövlət Musiqili Teatrının solistidir. Ü.Hacıbəylinin "O olmasın, bu olsun” (Gülnaz), O.Kazımi və R.Heydərin "Qızıl toy” (Aygün), F.Sücəddinov və T.Vəliyevanın "Mən dəyərəm min cavana” (Naz-Naz), R.Hacıyevin "Qafqazlı qardaşqızı" (Lala), R.Mirişli və M.Haqverdiyevin "Qısqanc ürəklər” (Səbinə), F.Allahverdi və Elçinin "Baladadaşın toy hamamı” (Sevil), İ.Kalmanın "Silva” (Silva), E.Sabitoğlu və V.Kalmanovskinin "Bir dəfə Baqdadda” (Zuleyxa) tamaşalarında yaddaqalan obrazlar yaradıb. İstedadlı aktrisa Səidə Şərifəliyeva 2013-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti adına layiq görülüb.