Nərgiz Kərimova

Kərimova Nərgiz Faiq qızı 13 avqust 1970-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1977-88-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində fortepiano sinfində oxumuşdur. 1988-1992-ci illərdə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının vokal sinfini qırmızı diplomla bitirmişdir. 1988-ci ildə Bəstəkarlar İttifaqının keçirdiyi Musiqi Festifalında böyük uğur qazanmış, laureat adına layiq olmuşdur. 1989-cu ildə Bakıda keçirilən «Qızıl payız - 89» Respublika müsaqibəsinin laureatı olmuşdur. 1990-cu ildə Moskva şəhərində keçirilən «Yeni adlar» III Ümumittifaq müsabiqəsinin laureatı olmuşdur. 1991-ci ildə Almata şəhərində keçirilən M.Qlinki adına XIV Beynəlxalq Vokalçılar müsabiqəsində ikinci turda uğurlu çıxışına görə Fəxri fərmanla təltif olunmuşdur. 1994-cü ildən AzərbaycanDövlət Teleradio Şirkətinin solistidir. Moskva, Sankt-Peterburq, London şəhərlərində konsertlərdə uğurla iştirak etmişdir. Dövlət tədbirlərində, Bakının konsert zallarında, Respublika sarayında, Moskvanın «Rossiya» və «Sütunlu» zallarında klassik və müasir əsərləri simfonik və kamera orkesterlərinin müşayəti ilə ifa etmişdir. 2002-ci ilaprelin 1-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrına aktyor vəzifəsinə qəbul edilmişdir. R.Hacıyev «Talelər qovuşanda» Nərgiz, R.Mustafayev, A.Qüdrət «Volqalı canan»da Mülayim, S.Fərəcov, R.N.Güntəkin «Bir günlük siğə»də Mələk, V.Adıgözəlov, Anar «Aldın payını, çağır dayını»da Süsən, Ü.Hacıbəyov «O olmasın, bu olsun«da Gülnaz, «Arşın mal alanda» Gülçöhrə, R.Mirişli, M.Haqverdiyev «Qısqanc ürəklər»də Səbinə, S.Ələsgərov, Ş.Qurbanov «Milyonçunun dilənçi oğlu»nda Bildirçin, İ.Kalman «İddialı qaraçı»da Yulişka, V.Dolidze, A.Saqarelli «Xanuma»da Keto, F.Sücəddinov, T.Vəliyeva «Mən dəyərəm min cavan»da Gülnaz, R.Hacıyev «Qafqazlı qardaşqızı»da Lalə, A.Ostrovski «Lara Martin’s Jazz Club»da Lara, İ.Kalman «Silva»da Silva Varesku, P.Bülbüloğlu, M.Şerbaçenko «Nəğməmə inan»da Tatyana Voloşina, E.Sabitoğlu, V.Kolmanovski «Bir dəfə Bağdadda»da Afət, R.Hacıyev «Talelər qovuşanda»da Nərgiz kimi obrazları özünəməxsus ustalıqla oynamışdır. 2003-cü ildə teatr sənəti sahəsində qazandığı uğurlarına görə «İlin ən yaxşı gənc aktrisası» nominasiyası üzrə Fəxri fərmanla təltif edilmişdir. 2012-ci ildə Əməkdar artist fəxri adına layiq görülmüşdür. 2013- cü ildə Prezident mükafatçısı olmuşdur.