Əzizağa Əzizov

Əzizov Əzizağa Ağayar oğlu 20 oktyabr 1960-cı ildə Hacıqabul rayonunda anadan olub. 1983-cü ildə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) Musiqili Komediya aktyorluğu fakultəsini bitirib. Əmək fəaliyyətinə 1985-ci ildə Gəncə Dövlət Dram Teatrında başlayıb.1986-cı ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında çalışıb. 1989-1990-cı illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrında) işləyib. Müəyyən fasilədən sonra 1994-1995-ci illərdən bu teatrda fəaliyyətini yenidən davam etdirib. Akademik Musiqili Teatrın səhnəsində yaratdığı müxtəlif yaddaqalan obrazlarları ilə - Səftər ("Özümüz bilərik” S.Ələsgərov, Ş.Qurbanov), Əlipaşa, Seyfi ("Subaylarınızdan görəsiniz” S.Ələsgərov, İ.Məlikzadə), Qoçu Əsgər ("O olmasın,bu olsun” Ü.Hacıbəyli), Rəhim ("Qızıl toy” O.Kazımi, R.Heydər), Şvarsneqr ("Səhnədə məhəbbət” S.Fərəcov, Ə.Əmirli), Zaur ("Bankir adaxlı” E.Şabitoğlu, T.Vəliyeva), Meşəbəyi ("Qırmızı papaq” E.Sabitoğlu, E.Şvarts, tərç.C.Məmmədov), Harun Əl Rəşid ("Bir saatlıq xəlifəlik” R.Şəfəq, A.Şaiq), I-ci adam (”Əlin cibində olsun” O.Rəcəbov, A.Babayev), Fələkzadə, Doymazov ("Volqalı canan” R.Mustafayev, A.Qüdrət), Mərdi Mazarov ("Aldın payını çağır dayını” V.Adıgözəlov, Anar), Mikayıl (”Qısqanc ürəklər” R.Mirişli, M.Haqverdiyev), Babək ("Yeddi məhbusə anası” C.Quliyev, Ə.Əmirli ), Soltan bəy ("Arşın mal alan” Ü.Hacıbəyli), Poruçik ("İdialı qaraçı” İ.Kalman), Mixo ("Xanuma” V.Dolidze, A.Saqarelli), Hacı Kərim ("Kimyagər” S.Kərimi, Ə.Ol), Molla Nəsrəddin (”Molla Nəsrəddinin beş arvadı” İ.Sadıqov, tərc.D.Mustafayev) Vladimir ("Qadonun intizarında” F.Qarayev, S.Bekket) tamaşaçıların rəğbətini qazanıb. Ə. Əzizov həmçinin televiziya tamaşalarında və verilişlərində də bir-birindən maraqlı obrazlar yaratmaqda davam edir. Bir sıra filmlərdə, o cümlədən "Aramızda qalsın” (2011) Əjdər, "Ci-Mi” (2008) Badrinarx, "Dəvətnamə” ( 2003) Pul yazan, "Hərənin öz payı+tayı” (2006) Əlipaşa, "Şans” (2004) Səlam, "Yaşıl eynəkli adam-3” (2002) Serjant, "Qardalı kəndinin gecələri” (2007) Xasməmməd, "Bizim bayram” (2008) Əzizağa obrazlarını yaratmışdır. 2015-ci ildə o, Əməkdar artist fəxri adına layiq görülüb. 2017- 2018-ci illərdə Prezident mükafatçısı olub.