Musiqili Teatrın kollektivi Lənkəranda uğurla çıxış edib

     Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Ümummilli lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyi münasibəti ilə hazırladığı "Sən elə bir zirvəsən..!" adlı musiqili-tarixi esseni bu dəfə Lənkəranda nümayiş etdirib. 
Mədəniyyət Nazirliyinin dəstəyi ilə Lənkəran Mədəniyyət Mərkəzində  həyata keçirilən layihədə Ulu öndərin əziz xatirəsi ehtiramla yad olunub, dahi şəxsiyyətin həyat və fəaliyyətinə nəzər salınıb. 
Teatrın solistləri Əməkdar artist Səidə Şərifəliyeva, Prezident mükafatçıları Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, aktyorlar İbrahim Əlizadə, Aydan Həsənova, Şaban Cəfərov, Türkel Tariqpeyma, Emin Zeynallı, həmçinin teatrın xor və balet artistlərinin maraqlı çıxışları  rəğbətlə qarşılanıb. 
     Tamaşanın ssenari müəllifi Əməkdar artist Mübariz Həmidov, quruluşçu rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, baletmeysteri Əməkdar artist Emin Əliyevdir. 
Xatırladaq ki, ilk dəfə Ümummilli liderin doğum günündə Musiqili Teatrın səhnəsində təqdim olunan tamaşa daha sonra Gəncə, Şəki və Mingəçevirdə uğurla göstərilib. Kollektivin növbəti çıxışı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində - 30 dekabr saat 19:00-da  Musiqili Teatrın səhnəsində nümayiş olunacaq.

Tarix: 22.11.2023