Musiqili Teatrda "Qadınım" tamaşasının premyerası olacaq

Tezliklə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Türk dünyasının tanınmış yazıçı-dramaturqu Tuncər Cücənoğlunun "Matroşka" pyesi əsasında "Qadınım" tamaşasının premyerası olacaq.

Musiqili melodram kimi hazırlanan və fərqli baxış bucağında təqdim olunan səhnə əsərinin quruluşçu rejissoru Prezident mükafatçısı İradə Gözəlovadır.
Türk retro musiqilərinin canlı ifa olunduğu tamaşanın süjet xəttində sevgi və ehtiras dolu iki aşiqin öz hissləri uğrunda sona qədər mübarizəsindən bəhs olunur. 
"Qadınım"da teatrın gənc aktyorları Prezident mükafatçısı Əmrah Dadaşov və Gültac Əlili, teatrın xor və balet heyəti iştirak edirlər. 
Əsərin plastik həlli Əməkdar artist Nigar Şahmuradovaya aiddir, o həm də aktrisa kimi çıxış edəcək. 
Tamaşanın quruluşçu rəssamı Vüsal Rəhim, xormeysterı Məlahət Qasımova, musiqi tərtibatıçısı Əmrah Dadaşovdur, video görüntüləri isə Murad Həsənov hazırlayıb.
     Qeyd edək ki, İradə Gözəlova Musiqili Teatrın repertuarında özünəməxsus yeri olan "Mənim günahım", “Kimdir müqəssir?", "999-cu gecə", “Anamın kitabı", "Lara Martin's Jazz Club" tamaşalarının da quruluşçu rejissorudur.

Tarix: 18.11.2023