Akademik Musiqili Teatrın "Sən elə bir zirvəsən!.." tamaşası bu dəfə Mingəçevirdə

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Ulu öndər Heydər Əliyevin 100 illik, peşəkar milli teatrımızın 150 illik yubileyinə həsr olunan "Sən elə bir zirvəsən!.." tamaşası ilə bu dəfə mingəçevirlilərin qonağı olacaq.

9 oktyabr saat 18:00-da Mingəçevir Dövlət Dram Teatrının səhnəsində nümayiş olunacaq tamaşada teatrın solistləri Əməkdar artistlər Fərid Əliyev, Səidə Şərifəliyeva, Prezident mükafatçıları Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, aktyorlar Aydan Həsənova, Hidayət Əliyev, Şaban Cəfərov, Türkel Tariqpeyma, Emin Zeynallı, həmçinin xor və balet heyətinin üzvləri çıxış edəcəklər. 

Musiqili-tarixi esse kimi hazırlanan bu səhnə əsərinin bədii rəhbəri teatrın direktoru Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev, ssenari müəllifi Əməkdar artist Mübariz Həmidov, quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, baletmeysteri Əməkdar artist Emin Əliyev, rejissor assistenti Afər Tağıyevadır.

Xatırladaq ki, ilk dəfə Ümummilli liderin doğum günündə Musiqili Teatrın səhnəsində təqdim olunan tamaşa daha sonra Gəncə və Şəki şəhərlərində də uğurla göstərilib. Kollektiv bu layihə ilə bundan sonra Lənkəran və Naxçıvan şəhərlərində də çıxış edəcək.

Tarix: 06.10.2023