Özbək Teatrı Musiqili Teatrın səhnəsində “Ah, bu qocalar – qəribə qocalar!” tamaşasını göstərəcək

Son illər Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Özbəkistanın müxtəlif teatrları arasında imzalanan əməkdaşlıq memorandumları qarşılıqlı mədəni əlaqələrin inkişafına öz töhfəsini verməkdədir. Birgə layihələr çərçivəsində teatr kollektivlərinin qastrol səfərləri, rejissor, aktyor mübadiləsi həyata keçirilir.

Özbəkistanın Kattakurqon Şəhər Dram Teatrı və Muqimi adına Özbəkistan Dövlət Akademik Teatrlarının yaradıcı heyətlərinin ötən mövsümdəki qastrol səfərlərindən sonra bu ənənə uğurla davam etdirilir. ​

Bu dəfə isə Akademik Musiqili Teatrın qonağı Özbəkistanın Namanqan Dövlət Musiqili Dram Teatrı olacaq. Onlar 2 və 3 oktyabr tarixlərində saat 19:00-da​ “Ah, bu qocalar – qəribə qocalar!”​ komediyasını nümayiş etdirəcəklər.

Süjet xəttində ailə-məişət məsələləri dayanan səhnə əsərinin müəllifi Özbəkistanın Xalq şairi Oxunjon Hakimov, səhnələşdirəni və rejissoru Marufjon Niyazovdur. ​

Özbək dilində təqdimatı nəzərdə tutulan tamaşanın biletlərini şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN Xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək olar. Kollektiv sifarişlər də qəbul olunur.

Tarix: 20.09.2023