“Psix” bu həftəsonu Akademik Musiqili Teatrda...


9 iyun saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünya şöhrətli ispan yazıçısı Migel de Servantesin “Don Kixot” romanının motivləri əsasında  hazırlanan “Psix” tamaşası nümayiş olunacaq. 
18 yaşından yuxarı tamaşaçılar üçün nəzərdə tutulan səhnə əsərinin quruluşçu rejissoru və səhnələşdirəni teatrın quruluşçu rejissor Ər-Toğruldur.
Tamaşada dahi bəstəkar, SSRİ Xalq artisti Qara Qarayevin “Don Kixot” simfonik qravürlərindən istifadə edilmişdir.
Bədii rəhbəri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev olan tamaşanın musiqi rəhbəri Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı teatrın baş rəssamı Vüsal Rəhim, konsertmeysteri Kamil Həsənov, rejissor assistenti Zaur Əliyevdir.
Səhnə əsərində Don Kixot obrazını Xalq artisti Pərviz Məmmədrzayev ifa edəcək. Teatrın gənc və istedadlı aktyorları Nicat Əli Sanço Pansa, Gültac Əlili Dulsineya, Zaur Əliyev Xidmətçi obrazlarında səhnəyə çıxacaqlar.

Tarix: 07.06.2023