Musiqili Teatrda səbirsizliklə gözlənilən premyeranın vaxtı açıqlandı

15, 16 oktyabr tarixlərində saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Mədəniyyət Nazirliyinin yeni layihəsi- "Anamın kitabı" tamaşasının premyerası olacaq. 
Səhnə əsəri Azərbaycan dramaturgiyasının klassik nümunələrindən olan Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsəri əsasında hazırlanıb. 
Yeni və müasir rejissor yozumunda ərsəyə gələn tamaşada ölkəmizin müxtəlif teatrlarının aktyorları eyni səhnəni bölüşəcəklər. 
İngilis dilində hazırlanan tamaşada əsas məqsəd doğma dilimizin – ana dilimizin təbliğatı istiqamətinə yönəlib. 
 Böyük dramaturqun “Anamın kitabı” əsərində əsas mövzu üç qardaşın dil, din, düşüncə tərzlərinin fərqliliyi nəticəsində aralarında yaranan sürəkli mübahisələrdir. 
Günümüzlə səsləşən, bizi narahat edən və düşündürən mövzu əsərin baş qəhrəmanı olan Ananın timsalında təqdim olunur. Ana  övladlarını öz milli-mənəvi dəyərlərinə sahib olmağa, ana dilinə yiyələnməyə və birliyə çağırır. Oğullar isə daha çox müasir dünyanın tələblərinə cavab verməyə can atır, nəticə etibarı ilə innovativ texnologiyalarla zəngin bir mühitin fonunda öz milli dəyərlərini itirmək təhlükəsi ilə üz-üzə qalırlar. 
Beləliklə, Ana övladları ilə mübarizəyə başlayır. Onun qəlbini dəlib-deşən dərd yükü isə səngimir, daha da alovlanır, sanki rəvayətlərdəki əcaib-qəraib bir əjdahaya şevrilir. 
Çox təəssüf ki, bu çətin mübarizədə əjdaha boyda dərd yükü Ananı məğlub edir. 
Təbii ki, müasir dövrümüzün tələblərinə uyğun yeni texnologiyaları, xarici dilləri mənimsəməyin faydaları çoxdur, lakin hər kəs öz doğma ana dilini, milli dəyərlərini, tarixini bilməlidir. Ana dilini bilmək özünüdərk və müqəddəs amaldır...

Səhnə əsərinin quruluşçu rejissoru İradə Gözəlova, quruluşçu rəssamı Vüsal Rəhim, videomühəndisi Murad Həsənovdur. Döyüş səhnələrinin və rəqslərin quruluşu Xalq artisti Pərviz Məmmədrzayev və rejissor Zaur Əliyevə aiddir. 

Teatrın tarixində ilk dəfə ingiliscə nümayiş olunacaq bu tamaşa üçün biletləri 
şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN Xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə edə bilərsiniz!
Kollektiv sifarişlər də qəbul olunur.
"Anamın kitabı" layihənin təşkilatçıları Azərbaycan dilinə dəyər verən hər kəsi bu tamaşaya baxmağa dəvət edir.

Tarix: 09.10.2022