Akademik Musiqili Teatrın rejissoru Özbəkistan səhnəsinə “Qaynana” gətirəcək

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Əsgər Əsgərov  Avrasiya Teatr Birliyinın dəvəti ilə iyun ayının 14-də Özbəkistana yola düşəcək.
Səfər çərçivəsində rejissor  Kattakurqan Şəhər Dram Teatrında “Qaynana” tamaşasına quruluş verəcək.
Ə.Əsgərov layihə haqqında daha ətraflı məlumat verib:
"Dünyanın müxtəlif ölkələrinin mədəniyyət və incəsənət nümayəndələrini birləşdirən Avrasiya Teatr Birliyinin bu seçimi bizi olduqca sevindirdi.
"Qaynana" tamaşası elə bir klassik səhnə əsəridir ki, ona yeni quruluş verərkən gərək bütün unikallığını qoruyub saxlayasan. İstər ölkəmizdə, istərsə də ölkədən kənardakı teatrlarda...
Qeyd edək ki, Avrasiya Teatr Birliyinin nümayəndələri – Özbəkistan təmsilçisi Aybek Kopadze, Səmərqənd vilayətinin Kattakurqan Şəhər DramTeatrının direktoru Batır Tuqalov bu yaxınlarda ölkəmizdə də olublar. Bizim teatrın da müxtəlif tamaşalarının, mənim quruluş verdiyim səhnə əsərlərinin  videoyazıları onların diqqətini cəlb edib.
Azərbaycan teatrına, xüsusi ilə də Akademik Musiqili Teatrın istər repertuarında olan, istərsə də retro tamaşalarına  xüsusi  önəm verilməsi bizi  çox məmnun  edir.
Artıq “Qaynana” əsəri özbək dilinə də tərcümə  olunub. Bu ayın ortalarından orada məşqlərimizə başlayacağıq. 
Qeyd edim ki, “Qaynana” (Zakir Bağırov, Məcid Şamxalov) musiqili komediyası 1965-ci ildə rejissor Niyaz Şərifovun quruluşunda Musiqili Komediya Teatrında səhnəyə qoyulmuşdur. Milyonların sevimli gülüş ustası, Xalq artisti Nəsibə Zeynalova bu tamaşada yaratdığı təkrarsız obraza elə bir möhür vurub ki, yenidən bu əsərə  müraciət etmək böyük məsuliyyət tələb edir.
  Biz Akademik Musiqili Teatrın tamaşaçılarını da intizarda qoymaq istəmirik,  onlar yeni mövsümdə , yeni quruluşda  bu tamaşaya baxa biləcəklər… 
Ümudvaram ki, Özbəkistana ilk səfərim uğurlu alınacaq, qarşılıqlı əməkdaşlıq çərçivəsində layihələrimizi davam etdirəcəyik".

Tarix: 04.06.2022