"Tehran taymz" Akademik Musiqili Teatrdan yazdı

"Tehran taymz" ("Tehran times") informasiya agentliyi Azərbaycan Dövlət Akademik Musiqili Teatrının İran İslam Respublikasında keçirilən 40-cı "Fəcr" Beynəlxalq Teatr Festivalındakı uğurlu iştirakından, həmçinin beynəlxalq tədbir çərçivəsində nümayiş etdirdiyi tamaşalardan yazıb.

Məqalədə Akademik Musiqili Teatrın "Bir nəfəs qədər" (rejissor Samir Qulamovun pyesi əsasında və quruluşunda) tamaşasının süjet xətti barədə oxuculara ətraflı məlumat verilir. Eyni zamanda Azərbaycanın İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadənin "Tehran Şəhər Teatrı" kompleksində bu tamaşanın nümayişindən əvvəl etdiyi çıxışından da bəzi məqamlar diqqətə çatdırılır:

"Bir nəfəs qədər" musiqili dramında ölkəmizin 44 günlük Vətən müharibəsində qazandığı şanlı zəfərdən bəhs edilir.  Bu qələbəni bütün müsəlman dünyasının qələbəsi hesab edirik... Biz döyüşlərdə hər zaman əsgərlərimizə dəstək olmuşuq və onların şücaətindən bəhs etməklə bütün şəhidlərimizin xatirəsini yad edirik".

"Tehran taymz"da qeyd olunan materialda teatrın festivalda təqdim etdiyi digər tamaşa – görkəmli rus yazıçısı Fyodor Dostoyevskinin "Utancaq qız" povesti əsasında  Xalq artisti Cənnət Səlimovanın quruluşunda səhnəyə qoyulan eyniadlı monotamaşa haqqında da məlumat verilir.

          Yazıda  teatrın "Fəcr" kimi nufuzlu bir festivalda iştirakı yüksək qiymətləndirilir, belə görüşlərin iki ölkə arasında mədəni əlaqələrin inkişafına töhfə verəcəyinə əminlik ifadə olunur.

Tarix: 16.02.2022