Əliqismət Lalayev: Qələbəyə aparan yol

27 sentyabr 2020-ci il… Sonu xalqımızı tarixi qələbəyə aparan dəhşətli müharibənin başlandığı gün! Ölkəmizin sərhədlərinin erməni faşistləri tərəfindən gülləbaran edildiyi o gün nəhayət ki, xalqımızın səbri tükəndi. Ali Baş Komandanımızın əmri ilə ordumuz əks həmlə etdi və bu böyük qələbəyə aparan şanlı Zəfər yolunun başlanğıcı oldu. Hər gün, hər saat işğal olunmuş kəndlərimiz, qəsəbələrimiz, rayonlarımız geri qaytarıldıqca itkilərimiz də çox oldu. Müharibə itkisiz mümkün deyil. O daşlar, o qayalar, o gülzar çəmənlər şəhidlərimizin qanına boyandı. Amma xalq inandı ki, bu yol qələbəyə aparır. Xalq inandı ki, Ali Baş Komandanın bir çağırışı ilə ayağa qalxan millətimiz Şuşaya gedib çıxmayana qədər sakit olmayacaq. Ali Baş Komandanın dediyi kimi, Şuşasız bu qələbə tam ola bilməzdi. Şuşanı qaytarmadan Azərbaycan xalqı bu qələbənin dadını hiss edə bilməzdi. Əsgərlərimiz, hər qarış vətən torpağı uğrunda öz qanından-canından keçən mərd oğullarımız beləcə addım-addım, qarış-qarış Şuşaya doğru irəlilədilər...

Bu fikirlər Azərbaycan Dövlət Akademik Musiqili Teatrın direktoru, Əməkdar İncəsənət xadimi Əliqismət Lalayevin AZƏRTAC-a təqdim etdiyi "Qələbəyə aparan yol” sərlövhəli yazısında yer alıb. Yazını təqdim edirik.

Üstündən bir il keçib… Həmin gündən 44 gün sonra bizim böyük qələbəmiz bütün dünyaya səs saldı. 27 sentyabrdan 44 gün sonra Azərbaycan xalqı böyük bir bayramı qeyd etdi. Ermənilərin bizim torpaqlarda məhv edilməsi, işğal olunmuş bütün ərazilərimizin geri qaytarılması, Ermənistanın kapitulyasiyası – bütün bunlar xalqımızın başını ucadan uca etdi.

Bizim onsuz da imzalar içərisində şərəflə görünən imzamız həmin Qələbə günündən sonra daha böyük işlərə imza atır. Üstündən bir il keçib. Qərinələr, əsrlər keçsə belə, o tarixi gün heç vaxt unudulmayacaq. Qələbəyə aparan yolun başlanğıcı isə sentyabrın 27-si oldu.

Biz, yaradıcı adamlar həmin günlərdə sanki əsgərlərimizlə eyni səngərdə idik. Pandemiya kabusunun hər kəsin əl-qolunu bağlamasına baxmayaraq, möhtərəm Prezidentin, Ali Baş Komandanımızın hər bir rayonun azad edilməsi barədə qələbə müjdəli, sevinc dolu şad xəbərlərindən sonra insanların küçələrə axışıb bayram etməsi yəqin ki, indi də hər kəsin yaxşı xatirindədir. Əksər insanlar hətta pandemiya səbəbindən küçələrə çıxa bilməsələr belə, eyvanlardan, pəncərələrdən sonsuz bayram sevincini yaşayırdılar. Hər yerdə Azərbaycanın məğrur himni, Qarabağ haqqında mahnılar səslənirdi. "Bəs nə oldu, Paşinyan?” cümləsi uşağın da, böyüyün də dilində ən gülməli lətifəyə çevrildi...

Ali Baş Komandanımız xalqı elə səfərbər etdi ki, hər kəs ancaq tam qələbə sorağını gözləyirdi. Həmin günlərdə Prezidentimizin dünyanın ən müxtəlif KİV-lərinə müsahibələri, televiziya kanallarında çıxışları həm ideologiya sahəsində, həm də cəbhədə millətin uğur düsturuna çevrildi. Hər tərəfdə, hər bir addımda biz onun böyüklüyünü, mərdliyini və şücaətini, qüdrətini gördük, bir daha sevdik o insanı, sevdik və onun arxasınca getdik.

Bu gün biz bir il bundan öncəki 44 günlük müharibə dövrünə nəzər salanda yaradıcı insanların da əllərindən gələni etməyə çalışdıqlarının şahidi oluruq. O cümlədən bizim teatrın əməkdaşlarının da... Biz təbii ki, kino təşkilatı deyilik, film istehsal etmirik, amma məlum səbəblərdən teatrda çalışmağın mümkün olmadığından, karantin qaydalarına riayət etdiyimizdən biz müxtəlif çarxlarla sosial şəbəkələrdə, sosial platformalarda çıxış etməyə çalışdıq. "Qalib əsgər” adlı çox gözəl bir xoreoqrafik çarxımız meydana gəldi. "Döyüşən teatr” adlı qısametrajlı sənədli filmimiz təqdim olundu. Müharibədə bizim kollektivimizin üzvlərindən də, işçilərimizin bir neçəsinin övladları da iştirak edirdi. Balet artistimiz Murad Ağayev döyüşlərdə əsl şücaət göstərdi. Bizim şəhid – Əliağa Məmmədov qəhrəmanlıqla həlak oldu. O, teatrda işıqçı olmuşdu. 19 yaşında şəhid oldu. Bütün bunlar bizə elə bir çağırış idi ki, hər günümüz müharibə ilə bağlı olmuşdu. Biz bir an belə olsun əsgər analarını, valideynlərini diqqətdən kənar saxlamadıq, şəhid ailəsinin hər zaman yanında olduq. Şəhid balamız Əliağanın ruhuna hörmət əlaməti olaraq onun dostları gözəl bir film yaratdılar. "İşıq adam” adlı çarx sosial platformalarda nümayiş olundu. Daha sonra "Əsirlikdən qayıdan lampa”, Laçının azad olunması günü münasibətilə "Laçına ithaf”, Şuşaya həsr olunmuş "Böyük qayıdış” filmləri yarandı. Yenə də təkrar edirəm ki, biz film istehsal edən sahə deyilik, amma bütün yaradıcı qüvvələrimizi ona yönəltdik ki, biz də bu 44 günlük müharibədə öz sözümüzü deyə bilək, məğrur döyüşçülərimizə öz münasibətimizi bildirək, igid oğullarımızın, igid əsgərlərimizin bu qələbəsinə öz yaradıcı töhfəmizi verə bilək. Bütün sosial platformalarda bu işlər çox böyük maraqla qarşılandı.

İllər uzunu biz dünyanın ən müxtəlif ölkələrində festivallarda iştirak edirdik və müxtəlif ölkələrdə səfərlərdə olurduq, müsabiqələrə gedirdik və orada Ermənistandan nümayəndələr olurdusa biz çox sıxılırdıq. Ona görə ki, torpaqlarımızın 20 faizi onların tapdağı altında idi. Təbii ki, bu bizə çox böyük narahatlıq gətirirdi. Amma bu gün biz qalib xalqıq! Ali Baş Komandanımız, qəhrəman əsgərlərimiz xalqımıza, vətən oğullarına, vətən övladlarına o qədər böyük şərəf gətirdi ki, biz tarix boyu Prezidentimizə alqış deyəcəyik. Biz tarix boyu onun şücaətindən övladlarımıza, nəvələrimizə danışacağıq və hər kəs biləcək ki, Azərbaycan xalqının qələbə sorağı haradan, hansı gündən, hansı tarixdən başlanıb. Yuxarıda adlarını çəkdiyim müharibə günlərində yaratdığımız kiçik videoçarxlar, qisametrajli filmlər o günlərin böyük tarixini yazdı. Bütün bunlar hamısı böyük, irimiqyaslı yaradıcılıq işlərimizin bir parçasıdır. Düşünürəm ki, bir az sonra bu kiçik həcmli işlər böyük layihələrə çevriləcək, böyük yaradıcı işlərin mövzusu olacaq. Azərbaycan xalqı, millətimiz, övladlarımız qürur duyurlar ki, belə bir dövlətin, belə bir məmləkətin övladlarıdır.

Bu gün biz doğrudan da xoşbəxtik. Bizim bu xoşbəxtliyimiz üçün canlarından keçən şəhidlərimizin ruhu qarşısında baş əyirik. Şəhid analarımızın əllərindən öpürük, onların qarşısında baş əyirik, qazilərimizə Allahdan cansağlığı arzulayırıq.

Bu gün müharibədən qayıdan bir neçə nəfər bizim teatr kollektivinə işə qəbul olunub. Onları bu qəhrəmanlıq müqabilində gözümüzün üstündə saxlamağa çalışırıq. Ona görə ki, onlar bugünkü xoşbəxtliyi bizə bəxş edən qəhrəmanlarımızdır. Doğrudan da tarix hər şeyi öz kitabında saxlayacaq. Heç nə yaddan çıxmayacaq, heç kəs unudulmayacaq…

Tarix: 28.09.2021